Sayta baxış (Ümumi)

среда, 9 ноября 2011 г.

Toy Axşamı

Adət etdiyimiz “Şəhər” toyları  bizi sıxanda kənd toyları üçün darıxır, yay ayları gələndə bir dəfə də olsa “palatka” toyunda iştirak etməyi arzulayırıq.Elə mən özüm də uzun illərdir hər yay fəsli gələndə qulağım səsdə olar, gözləyərdim ki, kənddəki qohumlardan kimsə palatka toyu edib bizi də dəvət edər.
Uzaq qohumlarımdan birinin palatka toyu etdiyini eşidəndə sevindim.Uşaqlıq illərim kənddə keçdiyindən hələ məktəbə getməmişdən bütün toy adətlərinə bələd idim.Elçilikdən tutmuş toydan sonrakı mərasimlərə qədər iştirak etmişdim.Palatkada toy edən qohumun sayəsində nəhayət o günlərimə qayıda biləcəkdim.Səbirsizliklə toya hazırlaşdım.Məni maraqlandıran yalnız toy günü deyil, həm ondan əvvəl və sonrakı mərasimlər idi.Getdikcə unudulan adətlərimizdən hansılar qalıb?-deyə maraqlanırdım.
Bütün hazırlıqlar başa çatmış, toya bir gün qalmışdı.”Toy axşamı”deyilən bir adət var.Toydan bir gün əvvəl yaxın qohumlar yığılır.Onlara toy üçün nəzərdə tutulan heyvanın içalatı ayrılıb bişirilir və digər xörəklər hazırlanır.Hava qaralandan sonra qohumlar toy evinə yığışır.Onlar üçün hazırlanmış yeyəcəklər bitəndən az sonra qadınlar dağılışır.Kişilərin “qonaqlığı” isə səhərədək davam edir.Gecə 1-2-dən sonra qohumlardan başqa kəndin digər kişiləri də mağara yığılır.İçki, qumar, “əyləncə” davam edir.Ta səhərədək..Qohum olmayan digər kişilərin nə zaman gəldiyindən xəbərim olmamışdı.Gecə 2-də onlar gələndə biz artiq yatmışdıq.Gecə 2-də gələn “qonaqlar” səhər hava açılanda artıq getmişdilər.Onların getdiyini də görmədik.Gördüklərimsə məni sadəcə şoka saldı.Bir neçə saatdan sonra toy başlayacaqdı.Mağarın içi, həyət zir-zibillə dolu idi.İçki şüşələri stolun üstündə, yerdə atılıb qalmışdı.Təkcə butulka şüşələri olsa nə vardı.Onları yığışdırmaq elə də çətin deyil.Hələ qırılmış, yerə atılmış stulları demirəm.Sanki gecə ikən bura erməni əsgərləri hücum çəkmişdi.(Kəndimiz cəbhə bölgəsində yerləşir)Bəli, bunu məhz düşmən belə edə bilərdi!Yerə səpələnmiş onlarla siqaret kötüklərini, tum qabıqlarını və digər yemək artıqlarını görəndə ev yiyəsinin yerinə az qala məni ağlamaq tutdu.Baxmayaraq ki, bu zibilləri mən yox, onlar təmizləyəcəkdi.Sonradan öyrəndim ki, məktəbyaşlı  uşaqlar pul qazanmaq üçün tum, siqaret, şirniyyat, ləpə gətirib bir az artıq qiymətə  satar, qazanc edirlər.Toy axşamından da onların xeyri bu olardı.Mənim hirsimdən gözlərim dolsa da ev sahibləri çox sakit idilər.Evdəki qadınlar hərəsi əlinə bir süpürgə alıb heç nə olmamış kimi həyəti süpürdülər.Bir saata yaxın davam edən bu təmizləmə işindən sonra səhər yeməyinə başladılar.Bizə, qonaqlara səhər yeməyi əvvəldən verilsə də boğazımdan yemək keçərdi?Bütün zir-zibilləri,qırıntiları təmizləyib işlərini bitirəndən sonra özümə gəlib nəhayət qohumların birindən soruşdum:-“Axı niyə icazə verirsiz buna?Əvvəldən bilirdizsə belə olacaq, razılaşmayadınız gərək.Yad kişilərin evinizdə nə işi var axı?”Cavab isə məni daha çox təəccübləndirdi:-“Keçən yay qonşuluqda qızına toy edən bir kişi razılaşmamışdı.Gecə ikən qızının həyətdəki bütün cehizlərini yandırdılar.Onu belə cəzalandırandan sonra daha heç kim cürəti çatmır etiraz etsin.”Dəhşət!Bundan da təəccüblüsü odur ki, qızının cehizləri yanan ata lazımi orqanlara heç şikayət də etməmişdi.Əvvəllər  bu adətə fərqli formalarda ancaq Qarabağın bir çox bölgələrində rast gəlsəm də eşitdiyimə görə başqa bölgələrimizdə də varmış.Sonralar mənə qaranlıq qalan bəzi məqamlara aydınlıq gətirdim.Məsələn, həyəti yeyib-içəndən sonra zibilxanaya döndərməni hardasa başa düşmək olar.Bəs stullarl niyə qırırlar?Bunun səbəbi sən demə qumarda son qəpiyini uduzanların emosiyalarıyla bağlı imiş.Hətta bir qohum vardı, şəhərdə yaşayan, əvvəllər çox imkanlı olsa da indi maşınını, qiymətli əşyalarını satıb müflisləşmişdi.Hətta o belə bu adətdə fəal iştirak etmiş, olan bütün pullarını-400 manatını son qəpiyədək uduzmuşdu. Onu da qeyd edim ki, oynayanlar nə qədər yaxın olsalar belə udulan pullar geri qaytarılmır.Bu da adətə görədir.Mənə çox maraqlıdır bu çirkin adət görəsən daha hansı bölgələrimizdə var?

Комментариев нет: